Yazıçılar Birliyində Almas İldırımın 100 illiyi qeyd olunub
525-
Gezeti/Faiq HÜSEYNBƏYLİ
Şairin Yubileyi İlə Bağlı Ölkənin
Bir Sıra Elm Və Mədəniyyət Ocaqlarında Tədbirlər Keçirilib
Dünən Azərbaycan Yazıçılar
Birliyində mühacirət ədəbiyyatımızın görkəmli nümayəndəsi
Almas İldırımın 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri Birliyin sədri Anar açaraq, Türkiyədən gəlmiş
qonaqları və bütün iştirakçıları salamladı. Birliyin
fəaliyyəti və Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə
danışan Anar bu baxımdan Almas İldırım yaradıcılığının
xüsusi əhəmiyyət daşıdığını bildirdi. Anar şairin 100 illiyi
ilə əlaqədar bir çox işlərin həyata keçirildiyini,
kitabların nəşr olunduğunu, müxtəlif bölgələrdə tədbirləri
təşkil edildiyini diqqətə çatdırdı. Qonaqlara Yazıçılar
Birliyi adından hədiyyə verən Anar, Almas İldırımın 1930-cu
ildə Bakıda nəşr edilmiş kitabını şairin oğlu Azər Almasa
xüsusi hədiyyə kimi təqdim etdi. O bu kitabın 70 il ərzində
Rəsul Rzanın şəxsi kitabxanasında qorunduğunu bildirdi.
Tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan
Yazıçılar Birliyini xalqımızın mənəviyyat ocaqlardan biri
kimi qiymətləndirdi: "Sovetlər Birliyi dağıldıqdan sonra bu
təşkilatı da dağıtmaq istədilər. Ziyalıların bir araya
gəldiyi bu qurumu dağıtmaq ən böyük günah olardı". Bir çox
mühüm məsələlərin həllində Türkiyədən çox şeylər
öyrəndiyimizi dilə gətirən S.Rüstəmxanlı ədəbiyyatımızın da,
dilimizin də, dinimizin də bir olduğunu vurğuladı. Qonşu
Türkiyədən tədbirə qatılmış Elazıq valisi Muammer Muşmal
çıxışında onlara göstərilən diqqətə görə qonaqlar adından
təşəkkür etdi. M.Muşmal tarixən olduğu kimi, bu gün də
türklərin bir araya gəlməsini əngəlləmək istəyənlərin
mövcudluğunu vurğuladı. O, yaxın zamanda sağlam bir Türk
birliyinin bərpa olunacağına əminliyini dilə gətirdi. Yazıçı
Aygün Həsənoğlu Almas İldırıma həsr etdiyi bədii əsərdən və
şairin yüksək vətəndaşlıq duyğularından danışdı: "Almas
İldırım poeziyası ilə şəxsiyyəti üst-üstə düşən
şairlərimizdəndir. O, məcburən Azərbaycandan getdi. Amma onu
buradan qovanlar düşünmədilər ki, Almas İldırım özü ilə bir
Azərbaycan apardı". Tədqiqatçı Sona Xəyal Almas İldırım
yaradıcılığına aid məqalələrdən ibarət kitab nəşr
olunacağını açıqladı. Şairin oğlu Azər Almas öz kövrək
hisslərini tədbir iştirakçıları ilə bölüşdü: "Mən burada
qonaq deyiləm. Mən Şüvəlanda doğulmuş Almas İldırımın
oğluyam. Bu torpaqlar mənim öz doğma vətənimdir. Almas
İldırımın 100 illiyinə həsr olunmuş tədbirlərin
gerçəkləşməsindən sevinc hissi duyuram. Bu sevinci sözlə
ifadə etmək olmaz". Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvü, professor Ramazan Korkmaz öz səmimi duyğularını dilə
gətirdi, Almas İldırımın ruhunun bu sənət ocağının üzərində
dolaşdığını söylədi. Şair Vaqif Bəhmənli Yazıçılar
Birliyində Almas İldırımın bu şəkildə yad olunmasını
əlamətdar hadisə kimi dəyərləndirdi. Onun fikrincə, Almas
İldırımla əqidə yoldaşı olanlar Bakıda yaşayıb bu ocağı
sonrakı nəsillərə ötürüblər: "Bu ocağı Almas İldırımın da
ocağı sayıram. Görkəmli şairimizin 100 illiyinə həsr olunmuş
tədbirlərin keçirilməsində Türkiyənin Elazıq vilayəti
rəhbərliyinin, ictimaiyyətin əməyi böyükdür. Buna görə
onlara minnətdarıq. Bu işdə Anar müəllimin də əməyi
danılmazdır. Elmlər Akademiyası bu yöndə öz diqqətini
əsirgəmədi, elmi kitablar çap etdirdi. Mədəniyyət və Turizm
Nazirliyi akademik bir nəşr hazırlayır". Almas İldırımın
Bakıda yaşayan qardaşı oğlu Hacıağa Almaszadə şairin 100
illiyin keçirilməsində mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin xüsusi zəhməti olduğunu önə çəkdi. Türkiyə Fırat
Universitetinin rektoru Mehmet Hamdi Muz, Elazıq bələdiyyə
başqanı M.Süleyman Selmanoğlu və başqaları da fikirlərini
söylədilər. Qeyd edək ki, dünən A.İldırımın yubileyilə bağlı
Milli Elmlər Akademiyasında görüş olub, Füzuli adına
Əlyazmalar İnstitutunda şairin irsi barədə elmi-ədəbi
müzakirə aparılıb. Həmçinin Mədəniyyət və İncəsənət
Universitetində poeziya axşamı gerçəkləşib. Bu gün yubiley
tədbirləri Opera və Balet Teatrında təntənəli gecə ilə
yekunlaşacaq.