Vaqif ARZUMANLI, filologiya elmləri doktoru, professor
Prezident İlham Əliyevinsərəncamı
ilə ölkəmizdə şair Almas Yıldırımın 100 İllik yubileyi
təntənə ilə qeyd edilməkdədir. Bu münasibətlə
tədqiqatçılarımız, yazıçılarımız didərgin taleyi yaşamış
şairimizin yubileyinə öz töhfələrini verməkdədirlər. Yubiley
günlərində gənc tədqiqatçı, yazıçı-dramaturq Aygün
Həsənoğlunun "Ölməz eşqim Almas Yıldırım" adlı kitabı çapdan
çıxıb. "Ölməz eşqim Almas Yıldırım”ı mıəllif şairə bir sevgi
məktubu adlandırır. Müəllifin diqqətini cəlb edən və şairin
yaradıcılığında ardıcıl olaraq izlədiyi əsas məqamlardan
biri də Almas Yıldırım poetikasındakı Vətən və vətəndaş
anlayışıdır. A.Həsənoğlu şairin ayrı-ayrı şeirlərinin
təhlili zamanı belə nəticəyə gəlir: " Almas Yıldırım
yaradıcılığında Vətən abstrakt bir məfhum deyil - konkret
coğrafi məkandır - Azərbaycan, Qafqaz, türk dünyası". A.Həsənoğlu
Almas Yıldırımın Şüvəlan, Bakı həsrətli şeirlərindəki
üsyankarlıq və istiqlal ruhunun inkişaf edərək Azərbaycanın,
türk dünyasının hayqıran səsinə çevrildiyini qeyd edir.
Müəllif Almas Yıldırım yaradıcılığında əsas xətt kimi keçən
Qafqaz motivlərinə də diqqət yetirir, Qafqaz xalqlarının
həyatına, mübarizəsinə və Şeyx Şamilə həsr olunmuş
nümunələri önə çəkir. A.Həsənoğlunun şairin yaradıcılığında
dəyərləndirdiyi bir cəhət də onun poetikasında şeiriyyətin
gücündən, sözün müxtəlif çalarlarından, poetik yükündən
yerli-yerində və son dərəcə məharətlə istifadə olunmasıdır.
Qeyd etməliyik ki, görünür, yubileylə əlaqədar tələsiklik
üzündən kitabda bəzi texniki qüsurlar da vardır. Yəqin ki,
kitabın gələcək çapında bu qüsurlar aradan qaldırılacaq.
Kitabda müəllifin ikipərdəli "Boğulmayan səs" pyesi də
verilib. Almas Yıldırımn həyat və mübarizəsindən bəhs edən
bu pyesdə digər tarixi şəxsiyyətlərin - Mikayıl Müşfiqin,
Mustafa Quliyevin, Qriqoryanın, epizodik olsa da, Cəfər
Cabbarlının obrazları var, üstəlik, əsərdə Hüseyn Cavidin
kölgəsi də gəlib keçir. Onun yaradıcılığını tənqid edənlər
şairin kölgəsindən də qorxur, onun qarşısında kiçilir,
balacalaşırlar. Azərbaycanda Sovet quruluşunun ilk illərində
yaranmış xaos pyesin ilk pərdəsində əks etdirilib.
Yaradıcılıq eşqi ilə çoşub-daşan Almas Yıldırımla Mikayıl
Müşfiqin, Azərbaycanın digər görkəmli ziyalılarının zamanın
dönüşlərinə, taleyin ağır zərbələrinə məruz qalmaları,
böhtan və irticanın qurbanına çevrilmələri səhnənin imkan
verdiyi dərəcədə geniş əks etdirilib. Ozamankı ədəbi mühitin
təzadlı və qarışıq əhval-ruhiyyəsini duyan müəllif qarşı-qarşıya
gələn iki qüvvənin - Almas Yıldırım və Mikayıl Müşfiqin
təmsil etdiyi istedadlı şairlərin Əkbər və Adil kimi
istedadsızların ilk baxışdan ədəbi polemika, adi mübahisə
kimi görünən münasibətlərinin sonda kəskinləşərək
birincilərin məhvinə, təzyiqə məruz qalmalarına gətirib
çıxarmasını mərhələ-mərhələ təqdim edir. Pyesdə erməni
millətçisi Qriqoryanın maraqlı obrazı yaradılıb. Qriqoryanın
"Bu dövləti biz qurmuşuq, biz bilirik düşmən kimdir" sözləri
yalnız onun deyil, həm də işğal yolu ilə qurulmuş yeni
hökumətin xalqın düşünən beyinləri sayılan ziyalılarımızın
kökünü kəsmək üçün planlarını açıqlayır, eyni zamanda
Rusiyanın və erməni silahlılarının ölkəmizin müstəqilliyini
təcavüz yolu ilə ələ almasını təsdiq edir. Qriqoryan sona
qədər hökm verən, qan tökən bir "hakimi-mütləqdir" çünki,
özünün dediyi kimi, əslində, "hökumətin özüdür". Məlumdur
ki, sovet hakimiyyətinin ilk illərində dövlət vəzifələrinin
əksəriyyətində ermənilər əyləşmişdilər və xalqımızın
taleyini həll edirdilər. Gənc dramaturq özünü gah
azərbaycanlı, gah erməni kimi təqdim edib, axırda həm
azərbaycanlıları, həm də erməniləri aldadan komissarın rus
olduğunu etiraf etməsi ilə maraqlı bir inkişaf xətti qura
bilib ki, bununla da bütün bu irticanın başında duran və onu
istiqamətləndirənin kimlər olduğunu göstərib. Əsas
qəhrəmanlardan əlavə, pyesdə dövrun psixologiyasını göstərən
epizodik obrazlar da vardır. Məsələn, oğlu bolşeviklər
tərəfindən "xalq düşməni", "casus" adı ilə həbs etdirilmiş
ana onun buraxılması üçün əvvəlcə yeni əlifbaya səs verir,
sonra isə evdəki qədim əlyazmaları gətirib Qriqoryana təqdim
edir ki, təki oğlunu buraxsınlar. Lakin ananın "Hanı hökumət?"
fəryadına "Mənəm hökumət!" deyən Qriqoryan ananı da həbs
etdirir. Qardaşını çox sevən şən, zarafatcıl bir qız olan
Sonanın qardaşına "satqın" deyildiyi zaman dəhşətə gələrək
ağlını itirməsi pyesin ən təsirli səhnələrindəndir və dövrün
ab-havasını göstərmək baxımından maraqlı işlənib.
Əlyazmaların, tar və saz kimi milli calğı alətlərinin
yandırılması da əsərdəki emosiyanı, hadisələrin təsvirindəki
gərginliyi artırır, hisslərə toxunur. Əsərdə hadisə və
obrazların inkişafı düzgün qurulub. Yıldırım passiv
etirazdan aktiv üsyankarlığa keçdiyi kimi, öncə hər şeyin
dəyişəcəyinə ümid edən Mikayıl Müşfiq sonda öz etiraz səsini
ucaldaraq irticann hədəfinə çevrilir. M.Quliyev, rektor kimi
obrazların sonu faciə ilə nəticələnir. Ədəbiyyatımızda
irtica illərini əks etdirən uğurlu əsərlər vardır. Hesab
edirik ki, A.Həsənoğlunun "Boğulmayan səs" pyesi bu əsərlər
içərisində öz layiqli yerini qazana biləcək və
teatrlarımızın repertuarlarına salınacaqdır. Çünki bu kimi
əsərlər gənc nəslin tərbiyəsi baxımından əhəmiyyətlidir,
tariximizin ən qarışıq, faciəli günlərini, bu faciələrin
başvermə səbəblərinin araşdırılması üçün də önəmlidir.