Mədəniyyət və Turizm Nazirliyi görkəmli şair Almas İldırımın
100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb.
Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm
Nazirliyi mətbuat xidmətindən veriblər. Tədbirlər planına
əsasən sentyabrın 26-da incəsənət xadimləri Fəxri Xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər
Xiyabanını ziyarət edəcək. Ardınca Təhsil Nazirliyində qəbul
təşkil olunacaq. Suraxanı və Əzizbəyov rayon İcra
Hakimiyyətlərində qəbul, Atəşgahı ziyarət və A.İldırımın
heykəli önündə poeziya axşamı keçiriləcək. Sentyabrın 27-də
əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) qəbul,
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda görüş olacaq.
Mədəniyyət və İncəsənət Universitetində poeziya axşamı
təşkil olunacaq. Günün sonunda isə Türkiyənin Bakıdakı
səfirliyində qəbul olacaq. Ertəsi gün isə əvvəlcə Mədəniyyət
və Turizm Nazirliyində qəbul olacaq. Sonra Bakının tarixi
yerləri İçərişəhər, Şirvanşahlar sarayı, Miniatür Kitab
Muzeyi, Qız qalası, Sahil parkı, Fəvvarələr meydanı ziyarət
olunacaq, Karvansarayda isə nahar təşkil ediləcək. Günün
sonunda Opera və Balet Teatrında “Almas İldırım-100” adlı
böyük yubiley tədbiri keçiriləcək.
Bu il Azərbaycan şairi Almas
İldırımın 100 yaşı tamam olur. TrendLife-ın verdiyi məlumata
görə, prezident İlham Əliyev yubileyin yüksək səviyyədə
keçirilməsi barədə sərəncam verib. Beləliklə, sentyabrın 28-də
Opera və Balet Teatrında tədbir olacaq. Türkiyədən çoxlu
qonaqların gələcəyi gözlənilir. Almas İldırım 23 yaşında
Türkiyəyə köçmüş və ömrünün sonuna kimi orda yaşamışdır. Onu
da qeyd edək ki, aprelin 9-da Türkiyədə Almas İldırımın
yubileyi keçirilib. Bayram tədbirində Azərbaycandan olan
mədəniyyət nümayəndələri də iştirak ediblər.