Azərbaycan
istiqlalının nakam nəğməkarı Almas İldırımın anadan
olmasının 100 illiyi barədə ölkə Prezidentinin sərəncamı
böyük məfkurə şairinin unudulmaz xatirəsinin geniş
anılmasına, ideya-bədii irsinin dərindən öyrənilməsinə və
təbliğinə dünya azərbaycanlıları çevrəsində start vermişdir.
Yubiley tədbirlərinə fəal qoşulan Dünya Azərbaycanlıları
Konqresinin çağırışı ilə azadlıq aşiqi Almas İldırımın 100
illiyini xaricdə yaşayan soydaşlarımız da böyük təntənə ilə
qeyd edirlər.Bu tədbirlər silsiləsində konqresin təşəbbüsü
və YAP Qaradağ rayon təşkilatının dəstəyi ilə gəncliyindən
ömrünün sonunadək qürbətdə yaşamağa məhkum olmuş şairin
Vətəninin ən ulu tarixi məkanında Qobustanda açıq səma
altında yubiley təntənəsi keçirildi. DAK-ın Regionlararası
Əlaqələndirmə Mərkəzinin təşkil etdiyi yubiley şənliyi
almassevərləri ulu əcdadlarımızın ruhunun uyuduğu,
çoxminillik milli varlığımıza şahidlik edən müqəddəs bir
ocağa toplamışdı. Həmin gün ən qədim tarixin izlərini
yaşadan qayalara sancılmış üçrəngli bayraq da, daşlarda əks-səda
verərək yüksək bir ahəng yaradan şer və musiqi də,
yubilyarın həyat və fəaliyyətini açıqlayan çıxışlar və Almas
İldırımın istiqlal mübarizəsini, bəlalı taleyini canlandıran
meydan tamaşasının səhnələri idi. Mərasimi giriş sözü ilə
açan şair-publisist, DAK sədrinin müavini, millət vəkili
Sabir Rüstəmxanlı tiranlara, siyasi rejimlərə qulluq edən
sənətkarların fani sonluğu ilə müqayisədə milli varlığımız
üzərində yüksələn, xalqın tarixi taleyinə məsuliyyət daşıyan,
milli yaddaşın yaşarılığını canı, qanı ilə suvaran
şəxsiyyətlərin əbədiyaşarlığını vurğuladı. Natiq göstərdi
ki, Almas İldırımın Azərbaycan istiqlalı yolunda şam kimi
əriyib milli varlığımıza qarışan ruhu bu ulu məkanda
əcdadlarımızın ruhu ilə bir yerdədir. DAK-ın regionlararası
əlaqələndirmə mərkəzinin rəhbəri İsmayıl Ağayev Almaz
İldırım adının dünyada yaşayan soydaşlarımız üçün son dərəcə
əziz olduğunu, yubiley münasibətilə rəngarəng tədbirlər
keçirildiyini söylədi. O bildirdi ki, DAK Azərbaycandakı
tədbiri ən qədim yaşayış məskənimiz, sanki ruhumuzun ulu
paytaxtı olan Qobustanda keçirməyi qərara almaqla dünyada
yaşayan soydaşlarımızın diqqətini Almaz İldırımın parlaq
xatirəsi işığında bu qədimdən-qədim türk yuvasına yönəltmək
istəmişdir. Azərbaycan Respublikası Prezidenti İcra
Aparatının məsul işçisi Qafar Əliyev bildirdi ki, Almas
İldırımların arzusuna uyğun olaraq respublikamızın
suverenlik əldə etməsi, azadlıq qazanması ölkəmizdə insan
haqlarının gur məşəlini yandırıb, milli dəyərlərimizə
sahibliyi bərqərar edib. Vaxtilə repressiya olunmuş, adı və
əsərləri qadağan olunmuş Almas İldırımın 100 illik
yubileyinin keçirilməsi və Qobustan tarix muzeyinin
fəaliyyətinin yaxşılaşdırılması barədə Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlar da bu reallığın
təzahürüdür. Almas İldırımın adı ilə bağlı mərasimin məhz
Qobustan açıq muzeyində keçirilməsi milli-mənəvi
dəyərlərimizə dövlət qayğısının təzahürü kimi təbiidir.
Şairlərdən Abbas Abdulla, Ənvər Əhməd, Maarif Soltan Almaz
İldırımın məfkurə ədəbiyyatına misilsiz xidmətindən söz
açdılar, yurd sevgisini ifadə edən şerlər söylədilər. Qədim
tarixi abidələrimizin cəfakeş tədqiqatçı, akademik Vəli
Əliyev, S. Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin
direktoru Maarif Teymur, ədəbiyyatşünas Nazif Qəhrəmanlı
Almaz İldırımın ədəbi irsinin istiqlal mübarizəsi
tariximizdə yeri və çağdaş nəsillərin azərbaycançılıq
ruhunda tərbiyəsində rolundan söz açdılar. Mərasimlə
xaricdən telefon bağlantısı yaradan DAK sədri Cavad Derəxti
və Almas İldırımın oğlu Azər səmimi salamlarını, xoş
arzularını çatdırdılar. Açıq səma altında səslənən musiqi
nömrələri, şerlər məclis iştirakçılarını duyğulandırdı.
Tanınmış poeziya ifaçısı Ağalar Bayramov Almas İldırımın
şerlərindən nümunələr səsləndirməklə toplaşanları yubilyar
şairin ölməz sənəti və ruhu ilə qovuşdurdu. Vətənpərvərlik
və məfkurə musiqisinin mahir ifaçısı Şəmistan Əlizamanlının
gur səslə oxuduğu, qayalarda əks-səda verən mahnılar
dəfələrlə meydanı coşdurdu. İştirakçılar rəqs etdilər, yallı
getdilər. Qədim musiqimizin istedadlı ifaçısı Nuriyyə
Əhmədovanın, Aşıq Əhlimanın, Aşıq Əlinin, yeniyetmə
aşıqların səsləndirdiyi mahnı və ifalar da yubiley şənliyini
təravətləndirdi. Almas İldırımın həmkəndlisi Şaitdin Əliyev
və qardaşı oğlu Hacıağa Almaszadə həmyerlilər və qohumlar
adından təşkilatçılara və iştirakçılara razılıqlarını
çatdırdılar. Sonra DAK Məclisinin üzvü Hacı Əlikram bildirdi
ki, təmsil etdiyi qurumun təşəbüsü ilə Qobustanda ilk dəfə
bu formatda keçirilən tədbirin belə məzmunlu və coşğun
keçməsi göstərdi ki, burada soy-kökümüz və mənəvi
dəyərlərimizlə bağlı məclislərin davam etdirilməsi təsirli
və faydalı olardı. Açıq səma altında bir neçə saat davam
edən yubiley mərasimi xalqımızın Almas İldırım şəxsiyyətinə
və sənətinə böyük sevgisini bir daha sərgilədi.